ZƏRDÜŞT
II hissə
Azərbaycanda oda sitayişlə əlaqədar bir fakt da diqqəti çəkir. "Azərbaycan" sözünün mövcud olduqu 2300 il ərzində buradakı ATUR-ADUR-ADƏR-AZƏR kökü, mənşəyi çoxdan unudulmasına baxmayaraq, daim odla əlaqələndirilmişdir. Atəşgahlarda od mehrab şəklində olan altlıqlardan çıxır və mə'bədlərin yüksək damlarına qədər ucalırdı. Zərdüşti mə'bədləri "Atəş yeri", yaxud "Atəş evi" adlandırılırdı. Su kultu Abşeron (Ab-su, Sura-su ilahəsinin adlarından biridir) yarımadasının adında öz əksini tapmışdır. Həmin ad, görünür, ya-şayış məntəqəsinin və ya Su mə'bədinin adından-Abşerondan qalmışdır. Bunlar daim iri təbii qaz məş'əlləri alovlanan müqəddəs Pirallahı adasının yaxınlığında yerləşirdi. Tacikistanda indiyə qədər Abpaşon adlı su bayramı qeyd olunur. Su mə'bədi Abşeronun yaxınlığında, indiki Türkan qəsəbəsinin yerində Od mə'bədi-A-Tur-Kan ucalırdı. Aydındır ki, Abşeronda külək kultu da olmalı idi. İslamın tam qələbəsindən sonra yerli və fars mənbələri buranı əbəs yerə "Badkubə", yəni, "külək döyən yer" adlandırmırdılar. Əl-Xarəzmi Adarbadkan sözünü "qış küləyinin əsdiyi yer" kimi izah edərkən doqquzuncu ayın adına Adar (od) və bad (külək) (yə'ni, od və küləklər ölkəsi) sözlərinə əsaslanır.

