Azərbaycan haqda tarixi konsepsiya
Preambula
“Azərbaycan tarixi” bir elm sahəsi kimi A. Bakıxanovun tədqiqatı ilə başlanmış, XX əsrin əvvəlində M.Rəsulzadə, Ə.Hüseynzadə, M.Baharlı və başqa ziyalıların əsərlərilə bu sahə artıq müəyən sistemə salınmışdır. Azərbaycanda komunist rejim hakimiyəti ələ alandan sonra “Azərbaycan tarixi” elmi siyasiləşdi. 1920-1990-cı illər arasında Azərbaycan tarixi haqqında yazılmış monoqrafiya, dərslik və akademik nəşrlər Azərbaycanda qurulan dövlətlərin tarixini azər xalqının deyil, ayrı-ayrı sülalələrin və bölgələrin tarixi kimi təqdim edilmişdir. Bu kitablarda türk enosunun Azərbaycana gəlmə xalq olmasının qabardılması əsas konsepsiya idi. Hətta, bu “gəlmə türklər” də vəhşi köçəri simasında təqdim olunurdu. Stalindən sonra komunis rejimində milli məsələlərə qoyulan senzura azacıq yumşalsa da, bundan tarixçilər deyil, yazarlar istifadə etdi və 60-cı illərdə Azərbaycan ədəbiyatı komunist ideologiyasından nisbətən uzaqlaşa bildi və siyasi mövzulardan uzaq olsa da, ədəbi əsərlərdə yeni milli ovqat görünməyə başladı. Yalnız ikiyə bölünmüş azər xalqının siyasi tarixini əks etdirən və uzun müddət ziyalı və tələbələr arasında əlyazma şəklində oxunan xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması disident ədəbiyatı sayıla bilər. Bu poemanın gənclərdə milli ovqatın yaranmasında böyük rolu oldu, lakin tarixçilər “qəbul olunmuş” konsepsiyadan əl çəkmədi. Tarixşünaslıqda bu durum 1980-ci illərə qədər davam etmişdir.Yalnız bu illərdə mifoloq Mirəli Seyidov, elamşünas Yusif Yusifov, tarixçi Süleyman Əliyarov, tarixçi Mahmud İsmayılov, etnoqraf Qiyasəddin Qeybullayev və dilçi alimlərdən Fərhad Zeynalov, Tofiq Hacıyev, Elməddin Əlibəyzadə, Aydın Məmmədov, Firidun Ağasıoğlu (Cəlilov), Ədalət Tahirzadə, Arif Rəhimov, yazıçı Teymur Məmmədov və başqa ziyalıların tədqiqatları Azərbaycanda türk dilinin qədim nümunələrini ortaya çıxardı. Lakin ilk dönəmdə bu nümunələrın az olması və şumer, het, siriya, yunan-latın, hay, gürcü, ərəb və fars qaynaqlarından pərakəndə halda seçilməsi yeni konsepsiyanın sistem şəklində qurulmasına kifayət etmirdi. Köhnə konsepsiyanı dağıtmaq üçün bu istiqamətdə tədqiqatlar aparmaq lazım idi:
