Azərbaycan haqda tarixi konsepsiya
Birinci konsepsiya (bu konsepsiyanı biz dəstəkləyirik)
Birinci konsepsiya Azərbaycan tarixşünaslığında deyil, ümumiyətlə, Türkologiya və Türk tarixi elmində yenidir. Doğrudur, türklərin ilkin yaranma arealı kimi Aralıqdənizi yaxalarını vaxtilə akad. N.Marr söyləmişdir, lakin bu fikri əsaslandırmaq üçün elmi axtarış aparmamışdır. Çuvaş xalqını (dilini) şumerlərdən qalma sayan həmin yazar bu fikrini də irəli sürdüyü “Yafəs dilləri” nəzəriyəsi və yanlış “dörd ünsür” metodu ilə sübut etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Marrın təsiri altında Türkiyədə yaranan “Günəş” nəzəriyəsi də türklərin Ön Asiya mənşəli olduğunu sübut edə bilmədi, çünki hər iki teoriya yanlış metodlar üzərində qurulmuşdu və ciddi (akademik) elm bu metodlarla alınan nəticələri qəbul edə bilməzdi. Təəssüf ki, elmdən uzaq belə yanlış metodlara hələ də ara-sıra rast gəlmək olur. Belə ki, türk etnosunun Ön Asiyada qədimliyini güya sübut etmək üçün İkiçayarasına gəlmə xalq olan şumerlər, doğu-qafqazdilli hurri və urartular, hətta, hindavropa dilli hetlər “türk” xalqı kimi verilir.Halbuki, bu adı çəkilən xalqların dilində yazılı mətnlər qalmışdır və bu dillərin heç biri qədim türk dilinin qramatik quruluşuna uyğun gəlmir. Bəzi tipoloji morfem uyğunluqları və ortaq leksik paralellər isə türk boyları ilə bu xalqların kontaktı və türk dili ilə bu dillər arasındakı əlaqənin nəticəsidir.
