ZƏRDÜŞT II hissə
ZƏRDÜŞT
II hissə
Azərbaycanda oda sitayişlə əlaqədar bir fakt da diqqəti çəkir. "Azərbaycan" sözünün mövcud olduqu 2300 il ərzində buradakı ATUR-ADUR-ADƏR-AZƏR kökü, mənşəyi çoxdan unudulmasına baxmayaraq, daim odla əlaqələndirilmişdir. Atəşgahlarda od mehrab şəklində olan altlıqlardan çıxır və mə'bədlərin yüksək damlarına qədər ucalırdı. Zərdüşti mə'bədləri "Atəş yeri", yaxud "Atəş evi" adlandırılırdı. Su kultu Abşeron (Ab-su, Sura-su ilahəsinin adlarından biridir) yarımadasının adında öz əksini tapmışdır. Həmin ad, görünür, ya-şayış məntəqəsinin və ya Su mə'bədinin adından-Abşerondan qalmışdır. Bunlar daim iri təbii qaz məş'əlləri alovlanan müqəddəs Pirallahı adasının yaxınlığında yerləşirdi. Tacikistanda indiyə qədər Abpaşon adlı su bayramı qeyd olunur. Su mə'bədi Abşeronun yaxınlığında, indiki Türkan qəsəbəsinin yerində Od mə'bədi-A-Tur-Kan ucalırdı. Aydındır ki, Abşeronda külək kultu da olmalı idi. İslamın tam qələbəsindən sonra yerli və fars mənbələri buranı əbəs yerə "Badkubə", yəni, "külək döyən yer" adlandırmırdılar. Əl-Xarəzmi Adarbadkan sözünü "qış küləyinin əsdiyi yer" kimi izah edərkən doqquzuncu ayın adına Adar (od) və bad (külək) (yə'ni, od və küləklər ölkəsi) sözlərinə əsaslanır.
Dənizdə və quruda daim yanan odları, çoxsaylı gölləri, gözəl və zəngin dənizi, qeyri-adi şirinliyə malik üzüm bağları, ibtidai insanı vahiməyə salan fırtınalı küləkləri ilə Abşeronda od, su, külək və haoma kultunun yaranması üçün ideal şərait vardı. Ehtimal etmək olar ki, hələ zərdüştilik meydana çıxmazdan da qabaqlar Abşeronda sitayiş məskənləri vardı. Buna sübut kimi Abşeron və Qobustandakı qayaüstü rəsmləri göstərmək mümkündür. Və əgər zərdüştilik hətta Abşeronda yaranmamışdısa da, o, məzdəizmlə birlikdə burada daha geniş intişar tapa bilərdi. Çünki Abşeronda oda, suya, küləyə və haomaya pərəstişlə bağlı yerli baza güclü idi. Abşeronun məzdayi və zərdüşti mərkəzlərindən biri olması haqqında elmə hələ çoxdan xeyli üzdə olan dəlil -sübut mə'lumdur. Bunlardan birincisi, burada indiyə qədər parsların (vaxtilə Abşeronun əsas əhalisi olmuş farsdilli tatlar özlərini belə adlandırırlar) yaşamasıdır. İstisna edilmir ki, onlar müsəlmanların tə'qiblərindən buraya qaçmış zərdüştilərin varisləridir. İkincisi, Abşeron toponimiyasında göstərilən kultlarla əlaqədar zərdüştilik terminləri də az deyil. Misal üçün, Baqavan (Bakı)-Baqa-Boq (Od Allahı) van-yer, Qala-Atəş çatılan mə'bəd, Nardaran-od yaradan, Xu(ı)rdalan (Xur-od, günəş), Kürd -xana (Kürd-xana)-dəyirmi mə'bəd, Keşlə (Giş, Kiş)-kult, müqəddəs yer, Zuğulba-sahildə hücrə, Atəşgah (Suraxanı və Şıxovda)-od mə'bədi. ''
Antik dövrün müəllifləri Albaniyadakı müqədiəs yerlər və Xəzər adalarında daim yanan odlar barədə danışırlar. Orta əsr ərəb tarixçiləri alban atəşpərəstləri haqda yazırlar. Hələ XIX əsrin axarlarına qədər Abşeronda azərbaycanlı atəşpərəstlərin yaşadığını xatırlayan qocalar cağ idilər. Onlar atəşpərəst mə'bədlərinin xarabalıqları üzərində məscidlər və kilsələr tikildiyindən danışırdılar. Müsəlmanlar orta əsrlərdə zərdüştiliyi atəşpərəstlik də adlandırırdılar, çünki bu dində od, atəş əhəmiyyətli rol oynayırdı. Misal üçün, qədim salnamələr və yerli rəvayətlər göstərir ki, İçəri şəhərdəki Cümə məscidi və alban kilsəsi Od və Su mə'bədlərinin yerində tikilib. Pirallahıda çox müqəddəs sayılan atəşgədə olub. Zərdüştilərin pərəstiş etdikləri Öküzün təsviri İçəri şəhərdən və onun ətraflarından çıxan çoxsaylı arxeoloji qazıntılarda da müşahidə olunur. Bu təsvirlərdən biri də Qoşa Qala qapıları üzərində iki Səfəvi şirinin arasında əks olunub. Simvolik mə'nada bu şəkil Bakıda və Abşerondakı son zərdüştilərin şah Abbasın adamları tərəfindən məhv edilməsini göstərə bilər. Bundan başqa Qoşa Qapı ifadəsini Qauş-qapının (Öküz qapısının) təhrif olunmuş forması kimi də qəbul etmək mümkündür. Azərbaycan alimlərinin ixtiyarında Bakıdakı məşhur Qız qalasının qədim zamanlarda zərdüştilik mə'bədi olması haqda da xeyli materiallar vardır. Bir çox alimlər Abşerondakı çoxsaylı qalaları da mə'bəd hesab edirlər. Hələ orta əsrlərdə Azərbaycan coğrafiyaşünası Bakuvi həmin qalaların mövcudluğundan bəhs etmişdi. Bunların bir çoxunun müdafiə məqsədi daşıması heç də onların mə'bəd tə'yinatına zidd gəlmir. Bə'zi xristian kilsələri də bu cür ikili səciyyə daşıyır. Qalaların yaxşı vəziyyətdə qalmasını onların müdafiə xarakterindən başqa həm də Yaxın Şərqə səlcuq və monqolların gəlməsindən sonra Abşeronda zərdüştiliyin dirçəlməsi ilə izah etmək olar. Bu dövrlərdə zərdüştilər müsəlman tə'qibləri altında əsas e'tibarilə cənuba-Fars vilayətinə qaçmış və orada Türkabad və Şərifabad şəhərlərində zərdüştiliyin yeni mərkəzlərini yaratmışdılar. Görünür, elə həmin illərdə zərdüşti qaçqınlar Abşeronda da peyda olmuşlar.
Orta əsrlərin dulusçuluq sənəti tədqiqatçısı S. B. hüseynova Azərbaycanda, o cümlədən Abşeron və Bakıda tapılmış keramika mə'mulatları üzərindəki damğaları araşdıraraq, belə bir qərara gəlib ki, bu qabların çoxusu Nizami dövründə atəşpərəst mərasimlərində istifadə olunmaq məqsədilə düzəldilmişdir. Zəngin atəşpərəst ən'ənələrinə malik İran və Orta Asiyadan gələn zərdüşti pars və türklər qədim zamanlardan onlara mə'bədlər mərkəzi kimi mə'lum olan bu yerlərdə köhnə mə'bədləri bərpa etdirir, yenilərini qurdurur, islamın səngitdiyi adət-ən'ənələri dirçəldirlər. Maraqlıdır ki, burada da Türkabad-Türkan yaranır. Türkan Abşeron yarımadasından "Əbədi Odlar" adasına-Pirallahıya keçidin üzərində (keçid eyni zamanda indiki mayakın yerində olan Abpşron kəndində də vardı. Mütəxəssislər orada üç qüllənin mövcudluğundan xəbər verir. Bunların hər üçü su kultu ilə bağlı idi.) yerləşir və buranın.eyni zamanda qonşu məntəqənin adı-Abşeron bu və ya digər şəkildə su kultu ilə əlaqədar olmalıydı. Əgər bu məntəqələr adalara gələn zərdüştilərdən ötrü salınmışdırsa, həmin adları (A)Tur-kənd (Od Evi, yeri) və Abşeron, (Su-Sura Yeri) şəklində oxumaq lazımdır. Deməli, gələnlərə qulluq etməkdən ötrü buralarda müvafiq mə'bəd-qüllələr tikilməliydi.
Zərdüştiliyin ünlü tədqiqatçısı, ingilis professoru Meri Boys "Zərdüştilər" adlı kitabında yazır ki, damında quşlar parçalamaqdan ötrü cəsədlər qoyulan yüksək və geniş "daxma"lar, yaxud "sükut qüllələri" islamın qələbəsindən sonra tikilməyə başlamışdı. Qüllələrin yüksəkliyi cəsədləri aşağıdan görünməz edir, müsəlmanları qıcıqlandırmır, meyidləri murdarlanmaqdan qoruyurdu. Torpağı cəsədlərlə murdarlanmaqdan qorumaq üçün daxmaları qayaların üzərində tikirdilər. Abşeron qalalarında olan kimi burada da söykəmə nərdivanlar düzəldilirdi ki, yuxarı çıxmaq çətin olsun. Səbəb müsəlmanlar tərəfindən qüllələrin ələ keçirilməsi cəhdləri idi. Bundan ötrü qülləyə çıxıb, azan vermək kifayət idi. Boys yeni tikilmiş qüllələrdən birinin ələ keçirilməsi səhnəsini də təsvir edir. Görünür, elə Qız qalasının bünövrəsindəki tikinti daşları da müsəlmanlar tərəfindən bu məqsədlə qoyulmuşdur. Arxitektorlar həmin daşın buraya sonradan gətirildiyini bildirirlər.
Bir çox digər dinlərin mə'bədləri kimi, zərdüştilik mə'bədləri də müəyyən allahlara, sitayiş obyektlərinə və yaxud bunların tərəfinə qeyd olunan bayramlara ithaf edilirdi. Mə'lumdur ki, allahların, kultların və sitayiş bayramlarının adları yaşarıdır (misal üçün Novruz bayramını göstərmək olar). Və əgər Abşeron qalalarının həmin kult və bayramlarla əlaqəsi vardırsa, bunların yerləşdikləri yaşayış məntəqələrinin adlarında allahların və kultların da adları qalmalı idi. Zərdüştilərin təqvimlərində hesab hər biri 30 gündən ibarət 12 aya bölünmüş 360 günlük illərlə aparılırdı. Həmin 12 ayın və bu ayların 30 gününün hər biri allahlardan birinə ithaf edilir və bu ithaf da dini bayramlarla qeyd olunurdu. Bə'zən elə olurdu ki, həm ay, həm də gün eyni allaha ithaf edilirdi və həmin günlərə düşən bayramlar daha təntənə ilə qeyd olunurdu. Bayramlarda hamı Atəşgaha yığışıb, yeyər-içər, şənlənərdi. Zərdüşti kahinləri ibadətə layiq 30 başlıca allah tanıyırdılar. Abşerondakı indiyə qədər məlum olan mə'bəd-qalaların da sayı təqribən bu qədərdir. Sonuncu-25-ci qala (daha doğrusu, onun təməli) bu yaxınlarda Sabunçuda müəyyən olunmuşdur ki, sonralar burada da parslar məskunlaşıbmış. Abşeron hüdudlarından qıraqda bircə dənə bunlara oxşar qüllə-qala mə'lumdur-Dəvəçi rayonunun Səədən kəndində.
Abşeron toponimlərinin təhlili göstərir ki, özündə Qala-Mə'bədlərin adlarını saxlamış yaşayış məntəqələrinin adında "yer, ev" mə'nasına gələn xan(a), san, qan, kan, an, van şəkilçiləri tez-tez işlənir. Yuxarıda artıq göstərmişdik ki, Od Mə'bədlərini də Od Yeri, yaxud Od Evi adlandırırdılar. Buna görə də əgər bu fikri əsas götürsək ki, həmin şəkilçilər bu yerlərdə pirlərin olduğuna işarə verir, Abşeron toponimlərinin əksər qismini asanlıqla zərdüştiliklə bağlaya bilərik. Əgər Abşerondakı bütün qalaların Od Mə'bədi (Pir), yaxud bunların nəzdində "Sükut qüllələri" olması fikrini qəbul etsək, aydınlaşar ki, niyə bunlar yonulmuş daşlarla cidd-cəhdlə hörülüb işlənirdi. Həmçinin orası da aydın olar ki, kiçicik Abşeronda nəyə görə bu qədər çoxlu pir və qala var (hər bir kiçik kəndin öz mə'bədi olmalıydı). Abşerondakı kənd adlarının mümkün mənşəyi barədə aşağıdakı mülahizələrimiz elmi ictimaiyyətin diqqətini cəlb edərək, bunlardan bə'zilərinin öz mənşəyini zərdüştilikdən aldığını göstərə bilər:
Bakı şəhəri. Baqa-van. Baqa-Allah, Od Allahıdır. Baqayadis adlanan yeddinci ay (Mitra adlı allaha sitayiş ayı) və hər ayın on altıncı günü Baqaya (allaha) həsr olunurdu.
Suraxanı qəsəbəsi. Sura-Xana. Sura Mə'bədi. Sura-su və bərəkət ilahəsi Aredvi-Sura-Anahitin adlarından biridir. Suraxanı qəsəbəsində indiyə qədərdə atəşpərəstlərin mə'bədi saxlanılıb.
Mərdəkan qəsəbəsi. Mərdə-Kan. (M)Arta-kan.
Şağan qəsəbəsi. (A)Şa-Xan(a). Arta(Aşa)-mö'minlik, təmizlik və kosmik nizam allahı. İlin ikinci ayı və hər ayın üçüncü günü bu allaha həsr olunurdu. Mərdəkandakı Mə'bəd-Qala xalq arasında Zərdüştiliyin görkəmli müdafiəçisi Babəkin adı ilə Babək Qalası da adlanır.
Nou-Xana qəsəbəsi. Novruz-yeni gün. Novruz oda həsr olunur və yazda gecə ilə gündüzün bərabərləşdiyi gün bayram edilirdi. Belə hesab olunurdu ki, Zərdüşt bü gün anadan olub.
Türkan qəsəbəsi. A-Tur-Kan. Atur-Od. İlin doqquzuncu ayı və hər ayın doqquzuncu günü ona həsr olunurdu. Doqtuzuncu ayın doqquzuncu günündə Azərçeşn bayramı qeyd olunurdu. Həmin gün atəşgahları ziyarət edər, qurban kəsər, evlərdə ocaqlar yandırardılar.
Əmircan qəsəbəsi. Əmir-tato-ölməzlik allahıdır. İlin beşinci ayı və ayların beşinci günü bu allaha həsr olunurdu.
Qou-san qəsəbəsi (hövsan). Qau-öküz. Öküzün şərəfinə bayramlar hər ayın on dördüncü günləri keçirilirdi.
Maştaqa qəsəbəsi. Ali allah Mazdanın Məqamı. Çox qədim zamanlardan Ahura Mazdanın adının Maşdaku, Mazdaka və Mazduka şəkillərində yazıldığı mə'lumdur. İlin doqquzuncu ayı, həmçinin ayların və həftələrin birinci günləri Ahura-Mazdanın şərəfinə bayramlar keçirilirdi.
Ramana qəsəbəsi. Ramano-sülh, əmin-amanlıq allahıdır . Yeddinci ayın 21-ci günü, gecə-gündüzün payız bərabərliyi günündə Ramano bayramı təntənə ilə keçirilirdi.
Fatmayı qəsəbəsi. Fatmayı-Edas bayramı Ahura Mazdaya və ölmüş mö'minlərin ruhuna həsr olunurdu. Novruzdan sonra ən əziz bayram sayılan Xamas Fatmayı-Edas ilin axırıncı günündə, Novruz ərəfəsində keçirilirdi. Bu gün də azərbaycanlılar Novruz öncəsi ölənləri yad edir, onların qəbirlərini ziyarət edir, məzarların üstünə səməni və bayram xonçası düzürlər.
Səədən qəsəbəsi (Dəvəçi). Sədə Mə'bədi. Zərdüştilərin ən qədim Od bayramının şərəfinə tikilib. Sədə bayramı Novruza yüz gün qalmış (farsca sədə-yüz deməkdir), noyabr, yaxud dekabr aylarında keçirilərdi.
Nüvədi qəsəbəsi. Nüvəd-ruz. Novruza doxsan gün qalmış (farsca nüvəd-doxsan deməkdir) qeyd olunan bayram. Həmin gün şər ruhlarından qorunmaq üçün sarımsaq yemək, şərab içmək və səbzi-qovurma bişirmək lazım idi.
---(əvvəllər)
Şubanı qəsəbəsi. Su allahı. İlin doqquzuncu ayı ona həsr edilirdi. Şubanı qəsəbəsində atəşpərəstlərin mə'bədi də vardı. Həmin mə'bəd nisbətən yaxın vaxtlarda dağılmışdır.
Xordalan qəsəbəsi (Xordad). Sağlamlıq və Səhhət allahı. İlin üçüncü ayında bayram olunurdu.
Zabrat və Corat qəsəbələri. Zab-Ratu, Co-Ratu (farsca: MesoRatu). Atəş-pərəstlərdə Ratu-(insanlığın) Ruhani Rəhbəri idi.
Atəşpərəstlər yeni ilin birinci günündə ilk sözü ağızlarından çıxarmazdan qabaq "axar suya"..... Bu adət Azərbaycanın Lənkəran bölkəsində indiyə qədər qorunub-saxlanmışdır. Bundan başqa, həmin gün evdə olan bütün suları boşaldıb təzəsini doldurmaq zəruri sayılırdı.
Beləliklə, bütün bu deyilənlər sübut edir ki, qədim dövrlərdən yerli və Yaxın Şərq mənşəli kultların, o cümlədən atəşpərəstliyin iri mərkəzlərindən biri olmuş Abşeron zaman keçdikcə zərdüşti mərkəzinə çevrilmişdir. Zəvvarlar buraya həm dənizlə, həm də quru yolu ilə gəlirdilər. Quru yolu ilə gələnləri Qobustanda, Şixovda, Səbayeldə, Bakıda və Abşerondakı Mə'bədlər qarşılayır, dənizlə gələn zəvvarlar bütün Abşeron sahillərinə səpələnmiş Mə'bədlərlə tanış olurdular. Sonra onlar bütün Mə'bədləri bir-bir gəzərək, allahların şərəfinə qurbanlar kəsir, dualar oxuyurdular. Az məskunlaşmış və nisbətən kasıb Abşeron torpaqında bu qədər Qala-mə'bədləri, karvansara və ovdanları yalnız zəvvarların ianələri hesabına ucaltmaq olardı. Abşeronda və Bakının girişinə doğru tikilmiş karvansara və ovdanların düzülüş və adlarına əsasən, zəvvarların marşrutunu, həmçinin onların tərkiblərini müəyyənləşdirmək mümkündür. Eyni zamanda bu üsulla ticarət və karvan yollarından qıraqda yerləşmiş həmin karvansara və ovdanların tə'yinatı da müəyyənləşir. Həmin bu müəmmalı məsələ uzun zaman tədqiqatçıları məşğul etmişdi. Bütün mənbələr göstərir ki, zəvvarlar Hindistandan, İrandan, Orta Asiyadan və qədimdə zərdüş-tiliyə itaət etmiş Ermənistandan gəlirdi. Onların marşrutu Şixovdan sonra Bakıdan Suraxanı, Maştağa, dəniz qırağı ilə Mərdəkan, Şağan, nəhayət, Türkan, yaxud Abşerondan keçməklə son məntəqəyə-Pirallahı adasınacan uzanırdı. Buraya Hövsandan da gəlmək mümkündü.
Azərbaycan zərdüştiliyin yaranıb-yayılmasında müstəsna rol oynamışdır.
-----------------
mənbə // http://www.memorial.aznet.org/alfz.shtml
