ZƏRDÜŞT I hissə
ZƏRDÜŞT
I - hissə
Az qala iki yüz ildir ki, qədim yunanların Zoroastr adlandırdıqları Zərdüştün (Zaratuştra)-Zərdüştilik dininin yaradıcısı sayılan bu dahi şəxsin harada anadan olması məsələsi elmdə mübahisələr doğurmaqdadır. Bu məsələ hələ də müəyyən-ləşdirilməmiş qalır. Müasir zərdüştilər və orta əsr müsəlman tarixçilərinin əksəriyyəti (Biruni, Balazuri, Qəzvini, Yaqut əl-Həməvi və b.) zərdüştiliyin son dövr mənbələrinə əsaslanaraq, belə hesab edirlər ki, Zərdüşt Azərbaycanda doğulmuşdur. Çağdaş tədqiqatçılar onun doğum yeri kimi Orta Asiyanı və hətta Rusiyanı da göstərirlər. Bununla birlikdə çox-saylı rəsmi atəşgahları öz qoynunda saxlamış Azərbaycanın atəşpərəstlərin müqəddəs kitabı Avestanın yaranmasında və yayılmasında eləcə də zoroastrizmin dövlət dini səviyyəsinə qaldırılmasında böyük rol oynadığı hal-hazırda hamı tərəfindən qəbul olunur. Zərdüştilərin ən müqəddəs saydıqları üç atəşgahdan biri-Adurquşnasp (bəlkə Azərkəşəps?) burada, Şiz (indiki Təxti Süleyman) şəhərində yerləşirdi.
Üç min il bundan qabaq (qədim salnamələrə görə, Zərdüşt Makedoniyalı İskəndərdən 258 il əvvəl yaşamışdır) Azərbaycanın cənubunda yerləşən Urmiyə şəhərində Zbar dağının ətəyindəki Dərəcə çayının sahilində tikilmiş sarayda Puruşaspa adlı bir kişi yaşayırdı. Onun arvadının adı Doqdo idi. Onların Zərdüşt adlı bir oğlanları vardı. Orta əsrlərdə yaranmış "Zərdüştnamə" adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. Hələ uşaqlıq çağında o, öz müdrikliyi ilö seçilir və şərə qulluq edən sehrbazların onu aradan götürmək cəhdləri həmişə uğursuzluqla nəticələnir. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır.
Otuz yaşında o artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlig səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər tapmayan Zərdüşt yeni tə'limini yaymaqdan ötrü şərqə tərəf üz tutur. O səhər müqəddəs çayı keçərkən səmavi ruhlardan Bəhmən onun qarşısında nazil olur və Zərdüştü Tanrının- Ahura Məzdanın yanına qaldırır. Dərgahda Zərdüşt ilahidən vəhy alır. Buradan cəhənnəmə düşən Zərdüşt onu öz dinindən döndərmək istəyən şər ruhu Anhra Manyu (Əhrimən) ilə görüşür. Əhrimən istəyinə çata bilmir və Zərdüşt göylərdən enərək öz tə'limini "Avesta" adlandırdığı müqəddəs kitabda ifadə edir. Şər ruhlar onu burada da tə'qib edirlər, lakin hər dəfə Zərdüşt "Avesta"dan dualar oxumaqla onları qova bilir. İlhamını göylərdən alan Zərdüşt ağ libasa bürünüb əlinə müqəddəs od və sərv ağacından əsa alaraq şah Viştaspın sarayına yollanır və onu öz dininə gətirir. Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün tə'limi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgədələr tikdirir. Öz ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxud da düşmən əskərlərinin əli ilə öldürülür.
Zərdüştün tə'limi oturaq heyvandarlığı və əkinçiliyi müdafiə edirdi. Bu tə'lim təkallahlılığı irəli sürür və dünyada iki əbədi başlanğıc-Xeyirlə Şər arasında daimi mübarizənin getdiyini təbliq edirdi. Bu tə'limə görə insan ömrünün mə'nası Əhrimənlə mübarizədə Ahura Mazdaya kömək göstərməkdir. Son nəticədə Ahura Mazda qələbə çalmalı və şəri yer üzündən biryolluq silməlidir. Zərdüştilik əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruçulluğu, arzu və istəklərdə mö'tədilliyi təbliq edir, zülm və qanunsuzluqdan çəkinməyə çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Odu və torpağı meyidlərlə murdarlamaq olmaz. Buna görə də cəsədləri yüksəkliklərdəki daşlıq yerlərdə, yaxud belə yerləri xatırladan daxma (sükut qülləsi) adlı daş tikililərdə qoymaq lazımdır ki, qurd-quşa yem olsun. Sümüklər də torpağı murdarlamamaqdan ötrü xüsusi yerlərdə saxlanır.
Zərdüştilərin tə'limi onların müqəddəs kitablarında, daha doğrusu, müqəddəs kitablar toplusu "Avesta"da ifadə olunub. Zərdüşti kahinləri belə bir fikir yayırdılar ki, guya həm "Qat"lar (kitabın daha qədim qismi), həm də o biri hissələr Zərdüşt tərəfindən Ahura Məzdadan nazil olmuş ilahi vəhy kimi yazılmışdır. Bu məqsədlə çox vaxt müqəddəs kitabın mətnlərinə "Ahura Mazda Zərdüştə belə buyurdu" ifadəsi də artırılırdı. Müasir tədqiqatçılar bundan fərqli olaraq, belə hesab edirlər ki, peyğəmbərin öz yazdıqları yalnız "Qat"larda əksini tapıb.
Zərdüşt üç dəfə evlənib. Əvvəlinci iki nigahdan onun üç oğlu, üç qızı olub. Zərdüşt kiçik qızı Pauruçistanı Viştaspın baş müşaviri Camaspa verib. Özü isə üçüncü dəfə Camaspın qohumu Fraşaostroyun qızı ilə evlənib. Bu nigahdan onun uşağı olmayıb. Zərdüşt 77 yaşında dünyadan köçüb.
Firdövsi "Şahnamə"də yazır ki, Zərdüşt Viştaspın onun dinini qəbul etmək tarixini əbədiləşdirməkdən ötrü Xorasandakı atəşpərəst mə'bədinin yaxınlığında bir sərv ağacı əkir. 860-cı ildə xəlifə əl-Mütəvəkkilin sarayı tikilən zaman 1450 yaşlı bu ağacı kəsməli olurlar. Əgər bu rəvayətə inansaq, Zərdüştün həyatı son Midiya şahı Astiaqın və ilk fars şahları Kir, Kambiz və I Daranın hakimiyyət illərinə təsadüf etməliydi. Elə bu da müsəlman ədəbiyyatında ən'ənəvi olaraq göstərilən "Makedoniyalı İskəndərdən 258 il qabaq" tarixini təsdiq edir.
Nəhayət, yeni din-zərdüştilik nəinki şərqdə qələbə çalır, həm də qərbdə Midiyaya qədər yayılır. Bu, dünyanın ən qədim dini idi. İlk dövlət dini kimi o, sonralar yaranmış dinlərin-iudaizmin, xristianlığın, müsəlmanlığın və buddizmin inkişafına əhəmiyyətli tə'sir göstərmişdir. Sonradan müsəlman olan atəşpərəstlər Azərbaycanı bu dinin və Zərdüştün vətəni hesab edirlər. "Avesta" ilk dəfə burada yazılıb, əfsanəvi Cəmşid və sasani şahənşahlarının tacları burada qoyulub. Yampolski belə hesab edirdi ki, Azərbaycan zərdüştilik üçün bir növ, "papa vilayəti" rolunu oynamışdır. Qədim salnamələr xəbər verir ki, sasani şahı II Yəzdikürd Albaniyaya qoşun çəkərkən özü ilə 300 maq və müəllim da gətirmişdi. Onlar şahın əmri ilə ölkəni gəzərək, deyirdilər: "Əgər siz könüllü olaraq Zərdüştün qanununu qəbul etsəniz, hədiyyələr alıb, şərəfə nail olacaqsınız. Çar sizi vergilərdən azad edəcəkdir..."
Yüz il sonra digər bir sasani hökmdarı Xosrov da eyni sözləri deyir: "Mən bizim kahinlər üçün mə'bədlər ucaltmağı əmr etdim... Mən onlara tapşırdım ki, türklərə bizi sevməyi, imanlı olmağı təlqin etsinlər... Və mən onlardan xahiş etdim ki, cavanları bizim dinə və ən'ənələrimizə öyrətsinlər." Ən nüfuzlu atəşpərəst mə'bədləri Azərbaycanda yerləşirdi. Zərdüştilik ideologiyasının yayıcıları kahin-maqlar da Azərbaycanın yerli tayfalarından idilər."Maq" sözü öz əsl mə'nasından başqa həm də sehrbaz, cadukər anlamında bütün dünya dillərinə keçmişdir. Azərbaycanda maq (muq) adı Kür sahilindəki Muğan düzü (maqların düzü) və yer adı bildirən bir çox sözlərdə (Muğanlı, Muğan və s.) daşlaşaraq, qalmışdır. həmin yer adları Azərbaycanın hər tərəfinə səpələnib. Müsəlmanlar arasında "muğan" - "zərdüşti", yaxud "atəşpərəst" demək idi. Bu ad həm də zərdüştilik tərəfdarlarının müsəlmanlar əhatəsindəki yaşayış məskənləri ilə də bağlı ola bilər.
Bu günə qədər azərbaycanlılar arasında zərdüştiliklə bağlı bir çox adətlər . yaşamaqdadır. Zərdüşt adı və daxma sözü geniş yayılmışdır. Hər il zərdüştilərin müqəddəs bayramı olan Novruz ("yeni gün", gecə ilə gündüzün tən gəldiyi gün, təzə ilin ilk günü) qeyd olunur. Bu zaman tonqallar qalanır, adamlar odun üstündən atlanır, şamlar yandırılır, yumurtalar boyanır, mərasim yeməkləri bişirilir və s. Azərbaycanın çox yerlərində indiyəcən yanan şamı üfürüb söndürmək, yanan ocaqa su tökmək günah sayılır. Qafqaz tayfaları və yerlərinin təsviri üçün 1890-cı ildə nəşr edilmiş materiallar toplusunda Mirhaşım bəy Vəzirov azərbaycanlıların aşağıdakı inanclarından danışır: "Şamın, lampanın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir. Misal üçün, ailənin başçısı öləcək. .. Odu söymək, yaxud oda boş yerə and içmək böyük günahdır. Odu su ilə söndürmək olmaz. Su da müqəddəsdir-onu da söymək olmaz və ona boş yerə and içmək günahdır." Özlərinin ritual mə'nasını indiyəcən saxlamış "səməni halvası", "aş" və "paxlava" da zərdüştilikdən qaynaqlanan xörəklərdir.
Dəstamaz almaqla gündə beş dəfə dua etmək ritualı isə müsəlmançılıq vasitəsi ilə saxlanmışdır. Azərbaycanda yaranıb yayılmış xürrəmilik, hürufilik kimi dini cərəyanlar da zərdüştilikdən qidalanmışlar. Belə hesab olunur ki, şiəliyin yaranmasında da zərdüştiliyin əhəmiyyətli rolu olub. Zərdüştilərin başlıca pərəstiş obyektləri su, od, haoma və Qauş-Urvan (öküz ruhu) idi. Haoma məstedici tə'sir göstərən bitki adıdır. Bə'zi alimlər belə hesab edirlər ki, haoma adı altında üzüm nəzərdə tutulub. Bu dörd kulta müvafiq allahlardan başqa müxtəlif təbiət qüvvələri ilə bağlanan allahlar - göy, torpaq, günəş, ay, kü-lək və s. allahları da vardır. Gündəlik ibadətlər oda və suya qurban və nəzir verməkdən ibarətdir. Oda (od allahı Atur) və suya (su və bərəkət ilahəsi Ared-vi-Sura-Anahita) pərəstiş etməkdən ötrü xüsusi mə'bədlər tikilirdi.
----------------
ardi var
mənbə http://www.memorial.aznet.org/alfz.shtml
