Azərbaycan tarixi - Üçüncü konsepsiya
Azərbaycan haqda tarixi konsepsiya
Üçüncü konsepsiya
Türk etnosunu yerli xalq saymayan “gəlmə türklər”, “türkləşmə” konsepsiyası Azərbaycan tarixçiliyində dərin kök salmışdır. İlk dəfə bu konsepsiyaya qarşı dövlət səviyəsində akademik-katib M.Cəfərovun rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında dilçi-tarixçi alimlərin birgə keçirdiyi elmi-nəzəri müşavirədə (1984) kəskin münasibət bildirilərək, mövcud qüsurlu konsepsiyanın islah edilməsi təklif olunmuş, Azərbaycanda yerli və bura qayıdan türk boylarının qovuşması ilə m.ö. I minilliyin ortalarında azər-türk dilinnin formalaşması konsepsiyası irəli sürülmüşdür. Bu haqda informasiyanın dövlət mətbuatında dərc olunması azər türklərini aborigen sayan, bu sahədə dəyərli əsərlər yazan alimlərdə daha dərin axtarışlara baş vurma ovqatını artırmış, ayrı-ayrı elm və tədris ocaqlarında etnogenezə dair elmi seminarlar keçirilmişdir. Əgər 1984-dəki müşavirədə bizim əlimizdə çox az fakt vardısa, indi bu sahədə əldə olunan elmi dəlil və sübutlar böyük bir sistem təşkil edir. Bu yöndə başqa türk xalqlarının da tarixini araşdırıb dəyərli əsərlər yazan alimlər vardır. Bu konsepsiya tərəfdarları hələ də köhnə “Altay nəzəriyəsi” təsiri altındadırlar. Ona görə də, bir əldə iki qarpız tutmaq istəyənlər kimi, bir yandan şumer-türk qohumluğunu (və ya əlaqəsini), digər yandan monqol-türk qohumluğu fikrini söyləyirlər. Bu, daha çox Türkiyə və Azərbaycan alimlərindən bəzisinin prinsipidir.
Hətta, Doğuda Anau, Afanasyev, Andronov və Taqar kulturunda türk izini görən Türkiyə tarixçilərinin çoxu belə güman edir ki, Altay və Orta Asiyadan türklər Azərbaycan və Anadoluya gəlmişdir. Lakin bu tarixçilər adı çəkilən arxeolji kulturların doğudan batıya deyil, batıdan doğuya aparıldığını yəqin ki, bilmirlər. Əgər bu arxeoloji abidələri tapıb tədqiq edən rus alimlərinin əsərləri ilə tanış olsaydılar, belə yanlış mövqe tutmazdılar.
