Azərbaycan tarixi - Birinci konsepsiya
Azərbaycan haqda tarixi konsepsiya
Birinci konsepsiya (bu konsepsiyanı biz dəstəkləyirik)
Birinci konsepsiya Azərbaycan tarixşünaslığında deyil, ümumiyətlə, Türkologiya və Türk tarixi elmində yenidir. Doğrudur, türklərin ilkin yaranma arealı kimi Aralıqdənizi yaxalarını vaxtilə akad. N.Marr söyləmişdir, lakin bu fikri əsaslandırmaq üçün elmi axtarış aparmamışdır. Çuvaş xalqını (dilini) şumerlərdən qalma sayan həmin yazar bu fikrini də irəli sürdüyü “Yafəs dilləri” nəzəriyəsi və yanlış “dörd ünsür” metodu ilə sübut etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Marrın təsiri altında Türkiyədə yaranan “Günəş” nəzəriyəsi də türklərin Ön Asiya mənşəli olduğunu sübut edə bilmədi, çünki hər iki teoriya yanlış metodlar üzərində qurulmuşdu və ciddi (akademik) elm bu metodlarla alınan nəticələri qəbul edə bilməzdi. Təəssüf ki, elmdən uzaq belə yanlış metodlara hələ də ara-sıra rast gəlmək olur. Belə ki, türk etnosunun Ön Asiyada qədimliyini güya sübut etmək üçün İkiçayarasına gəlmə xalq olan şumerlər, doğu-qafqazdilli hurri və urartular, hətta, hindavropa dilli hetlər “türk” xalqı kimi verilir.Halbuki, bu adı çəkilən xalqların dilində yazılı mətnlər qalmışdır və bu dillərin heç biri qədim türk dilinin qramatik quruluşuna uyğun gəlmir. Bəzi tipoloji morfem uyğunluqları və ortaq leksik paralellər isə türk boyları ilə bu xalqların kontaktı və türk dili ilə bu dillər arasındakı əlaqənin nəticəsidir.
Ən çox şumer-türk paralelliyini ortaya çıxaran Oljas Süleymenov və prof. Nədim Tuna bu paralellərin yalnız kontakt ilə yarandığını yazmışlar. Bu məsələ ilə ciddi məşğul olmayanlar isə türk-şumer qohumluğunu artıq “sübut olunmuş” fakt kimi verirlər. Əlbəttə, Azər xalqının tarixinə bu cür xidmət xeyirdən çox ziyan vurur. Birinci konsepsiya tərəfdarlarından bəziləri bu problemlə ciddi məşğul olmayadığı üçün bəzən elmi əsası olmayan belə bir fikir irəli sürürlər: “Həm Azərbaycanda, həm də Orta Asiya və Altayda türklər aborigendir”. Yəni bu fikrə görə, türk etnosunun Atayurdu Altaydan Azərbaycana qədər uzanır. Bunu söyləyənlərin etnologiya və qlottogenez elmindən məlumatı olmaması bəllidir və bunların çoxu “Altay dil ailəsi” nəzəriyəsinə inanan şəxslərdir. 250 il bundan əvvəl ortaya atılan bu nəzəriyəyə görə, güya türk dili monqol və tunquz-mancur dilləri ilə qohumdur (bəziləri bura koreya və yapon dillərini də əlavə eir). Halbuki, keçən bu müddət ərzində sübut oluna bilməyən Altay teoriyasına görə, türklər monqoloid irqli tayfalardan ayrılıb, Altaydan Ön Asiyaya gəlmişdir. Azərbaycan və Altayı ilkin türklərin Atayurdu sayanlar adi bir həqiqəti unudur ki, hər hansı bir şəxs konkret bir kənddə doğulduğu kimi hər hansı bir etnos da konkret bir regionda yaranır. Hər bir protodili formalaşdıran etnos bunu eyni regionda gerçəkləşdirə bilir. Necə ki, protohindavropa etnosu Avropanın mərkəzində, protofinuqor etnosu Uralda, protosami etnosu Ərəbistan yaylasında, protomonqol etnosu Mərkəzi Asiyada öz protodillərini yaradıb, eləcə də, prototürk dili Ön Asiyada ərsəyə gəlib. Bir adam eyni və ya müxtəlif anda iki ayrı yerdə doğula bilmədiyi kimi, bir etnosun da özü və yaratdığı protodil Monqolustan və Azərbaycan kimi bir-birindən uzaq iki müxtəlif regionda yarana bilməz, lakin doğulan uşaq böyüyüb Ata ocağından başqa yerə köçə bildiyi kimi, bir etnos da etnos kimi formalaşandan sonra Ata yurdundan uzaqlaşa bilər. Əlbəttə, burada etnosa qədər dövrdəki insanabənzər məxluqdan yox, etnosun yaranma dövründən söhbət gedir. Birinci konsepsiyanı dil, mifologiya və tarixi coğrafiya baxımından tədqiq edən prof. F.Ağasıoğlu “Azərbaycan dilinin morfonologiyası” (1988) adlı kitabında və “Proto-azər teonimləri” (1988), “Dil ailəsi və dil ittifaqı” (1989), “Qədim alınmalarda etnolinqvistik məlumat”(1989) adlı məqalələrində türk etnosunun Atayurdunun Ön Asiyada olduğunu yazmış, “Azər xalqı” (2000) adlı kitabında bu məsələlər daha ətraflı verilmişdir. Birinci konsepsiya onun Azər türklərinin İslamaqədərki tarixinə aid yazıb tamamladığı və artıq 9 tomda çap üçün hazır olan “Doqquz bitik” (2002) adlı kitabında Türkologiya və Türk tarixçiliyi elmində ilk dəfə elmi sistemə salınmışdır. Burada qədim türk tarixi arxeologiya, antropologiya və tarixi qaynaqlar üzrə verilmiş, tarixi çoğrafiya, İslamaqədər Azərbaycanda qurulan qədim dövlətlər, tarixi etnoqrafiya, tarixi onomastika, mifologiya və folklorda tarix, dilin tarixi, azər xalqının etnogenezi məsələləri tədqiq olunmuşdur. Azərbaycanda m.ö. III-I minillərdə Subar eli, Subar bəyliyi, Kuman bəyliyi kimi bir neçə qədim türk dövlətinin tarixi ilk dəfə bu kitabda verilmiş, Lulu, Quti, Turuk dövlətlərinin etnik əsası geniş şərh olunmuşdur. Birinci konsepsiya “Doqquz bitik” əsərinndə belə görünür: Avropoid irqin Aralıqdənizi tipinə aid olub, Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd və Kür-Araz arxeoloji kulturunun daşıyıcıları kimi Ön Asiyada formalaşmış Prototürk etnosunun prototürk dili (və dialektləri) m.ö. IV minilin ortalarında dağılmağa başlayır. Elə bu çağlardan prototürk dialektlərində danışan tayfaların miqrasiyası başlanır. Onların böyük bir hissəsi Azərbaycandan Orta Asiya, Güney-Sibir və Altay istiqamətində doğuya, Quzey-Qafqaz istiqamətində isə quzeyə miqrasiyası edirlər. Arxeoloji bəlgələr, kurqan kulturu, sənət əsərləri bu miqrasiyaları təsdiq edir. Doğuya getmiş türklər orada monqollarla uzun müddət iç-içə yaşadığından bəzi türk boylarında antropoloji tipində monqoloid cizgilər yaranır. Protoazər boylarının yayıldığı Dərbənd-Tiflis-Ərzurum-Mosul-Kərkük-Həmədan-Bakı-Dərbənd xətti ilə əhatə olunan ərazilər azər xalqının etnik tarixi coğrafiyasıdır. Doğu və quzey yönlərə getmiş türklərin müəyən qismi saqa-qamər (skit-kimmer), hun, avar, suvar, qıpçaq, oğuz və sair adlarla Azərbaycana və Anadoluya qayıdır. Azərbaycana qayıdan soydaşları ilə qovuşan azər boyları artıq yeni eraya formalaşmış Azər xalqı kimi daxil olur. Birinci konsepsiyanın üstün cəhətlərindən biri də budur ki, indiyəcən cavabını tapmayan bir sıra haqlı suallar burada məntiqi cavabını tapır. Belə ki, həm batıda, həm də doğuda qədim dil əlaqələri ilə ortaq sözlərın yaranma səbəbi, doğuya olan miqrasiyanı əks etdirən arxeoloji, antropoloji bəlgələr elmi cəhətdən izah oluna bilmək imkanı qazanır.
