Azərbaycan haqda tarixi konsepsiya
Azərbaycan haqda tarixi konsepsiya
Preambula
“Azərbaycan tarixi” bir elm sahəsi kimi A. Bakıxanovun tədqiqatı ilə başlanmış, XX əsrin əvvəlində M.Rəsulzadə, Ə.Hüseynzadə, M.Baharlı və başqa ziyalıların əsərlərilə bu sahə artıq müəyən sistemə salınmışdır. Azərbaycanda komunist rejim hakimiyəti ələ alandan sonra “Azərbaycan tarixi” elmi siyasiləşdi. 1920-1990-cı illər arasında Azərbaycan tarixi haqqında yazılmış monoqrafiya, dərslik və akademik nəşrlər Azərbaycanda qurulan dövlətlərin tarixini azər xalqının deyil, ayrı-ayrı sülalələrin və bölgələrin tarixi kimi təqdim edilmişdir. Bu kitablarda türk enosunun Azərbaycana gəlmə xalq olmasının qabardılması əsas konsepsiya idi. Hətta, bu “gəlmə türklər” də vəhşi köçəri simasında təqdim olunurdu. Stalindən sonra komunis rejimində milli məsələlərə qoyulan senzura azacıq yumşalsa da, bundan tarixçilər deyil, yazarlar istifadə etdi və 60-cı illərdə Azərbaycan ədəbiyatı komunist ideologiyasından nisbətən uzaqlaşa bildi və siyasi mövzulardan uzaq olsa da, ədəbi əsərlərdə yeni milli ovqat görünməyə başladı. Yalnız ikiyə bölünmüş azər xalqının siyasi tarixini əks etdirən və uzun müddət ziyalı və tələbələr arasında əlyazma şəklində oxunan xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması disident ədəbiyatı sayıla bilər. Bu poemanın gənclərdə milli ovqatın yaranmasında böyük rolu oldu, lakin tarixçilər “qəbul olunmuş” konsepsiyadan əl çəkmədi. Tarixşünaslıqda bu durum 1980-ci illərə qədər davam etmişdir.Yalnız bu illərdə mifoloq Mirəli Seyidov, elamşünas Yusif Yusifov, tarixçi Süleyman Əliyarov, tarixçi Mahmud İsmayılov, etnoqraf Qiyasəddin Qeybullayev və dilçi alimlərdən Fərhad Zeynalov, Tofiq Hacıyev, Elməddin Əlibəyzadə, Aydın Məmmədov, Firidun Ağasıoğlu (Cəlilov), Ədalət Tahirzadə, Arif Rəhimov, yazıçı Teymur Məmmədov və başqa ziyalıların tədqiqatları Azərbaycanda türk dilinin qədim nümunələrini ortaya çıxardı. Lakin ilk dönəmdə bu nümunələrın az olması və şumer, het, siriya, yunan-latın, hay, gürcü, ərəb və fars qaynaqlarından pərakəndə halda seçilməsi yeni konsepsiyanın sistem şəklində qurulmasına kifayət etmirdi. Köhnə konsepsiyanı dağıtmaq üçün bu istiqamətdə tədqiqatlar aparmaq lazım idi:
Türk etnosunun ilkin Atayurdu
Azərbaycan arxeologiyasının etnik əsası
Türk etnosu fonunda azər xalqının antropologiyası
Prototürk dili və dialektləri
Protoazər dili və dialektləri
Azərbaycanın etnik tarixi coğrafiyası
Azər folkloru və mifologiyasında tarixi bəlgələr
Azər xalqının tarixi etnoqrafiyası
Azər xalqının tarixi onomastikası
Qonşu xalqlar və dövlətlərlə qədim əlaqələr
Ön Asiyanın ölü dilləri ilə türk dilinin kontaktları
Tarixi demoqrafiya
Tarixi köçlərin istiqamətini göstərən arxeoloji bəlgələr
Azərbaycanda qayaüstü rəsmlər, piktoqram və damğalar
Azərbaycanda işlənən yazı tipləri
Azərbaycanda qurulan dövlətlərin etnik tərkibi
Qədim türk və protoazərlərin qurduğu dövlətlərin özəlliyi
Azər xalqının etnogenezi
Əlbəttə, qısa müddətdə bu qədər müxtəlif sahələri əhatə edən problemi tədqiq etmək üçün Ali məktəblərin müvafiq kafedraları, Elmlər Akademiyasının Dil, Tarix, Ədəbiyat, Şərqşünaslıq, Fəlsəfə, Etnoqrafiya və Arxeologiya institutlarının koordinasiya mərkəzi yaranmalı və bu sahələr üzrə planlı şəkildə tədqiqatlar aparılmalı idi. Lakin təəssüf ki, azər xalqının ödədiyi vergilər hesabına yaşayan bu institutların və özəlliklə, direktorların tutduğu mövqe bu işləri görməyə imkan verməmişdir. Adı sıralanan problemlərərin bəzisi köhnə konsepsiyalarla savadsız şəkildə kitabdan-kitaba ötürülməkdədir. Ona görə də, bugünə qədər azər xalqının gerçək tarixini əks etdirən “Azərbaycan taixi” ortada yoxdur. Bu sahəni az-çox dolduran Z. Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994-də, S. Əliyarovun redaktorluğu ilə 1996-da nəşr olunan “Azərbaycan tarixi” kitablarıdır. EA-nın 1998-dən başlayaraq, nəşr etdirdiyi son 7 cildlik tarix kitabı isə köhnə konsepsiya ilə yazılmışdır. İlk dəfə bu məsələlərdən geniş danışan Həsən Həsənov “Türkşünaslığın bəzi problemləri” adlı məqaləsində yazır ki, Azərbaycanda türk boylarının məskunlaşması probleminə aid tarix elmində 5 versiya vardır. Azərbaycan tarixinə aid kitablarda arxeoloji, antropoloji, etnoqrafik, iqtisadi və siyasi hakimiyət məsələləri nisbətən obyektiv tədqiq olunmuşdur. Lakin bu kitablarda xalqın tarixi deyil, regional hökumətlərin və hakim sülalələrin tarixi verilmişdir, halbuki, Dövlət xalqdan, bu xalqın ərazisindən və bu ərazidə iqtisadi-mədəni, sosial və hüquqi məsələləri tənzimləyən siyasi hakimiyətdən ibarətdir. Ona görə də, tarix kitabları “Azər xalqının tarixi” və ya “Azərbaycan xalqının tarixi” adı ilə deyil, “Azərbaycan tarixi” adı ilə çap olunur. Azərbaycan dövlətlərinin qurulmasında əsas yükü daşıyan xalqın tarixi həmişə kölgədə qalmış, əksər hallarda azər türklərinin qurduğu tarix ayrı millətlərin adı ilə verilmişdir. Ona görə də, “Azərbaycan tarixi” kitablarında əsas mübahisə doğuran məsələ məhz azər xalqının etnogenezi ilə bağlı ortaya çıxmış və müxtəlif elmi konsepsiyaların yaranmasına səbəb olmuşdur. Beləliklə, bir əsr yaşı olan Azərbaycan tarixşünaslıq elmində formalaşmış bir neçə elmi konsepsiyanı üç əsas qrupda birləşdirmək olar:
1-ci konsepsiya: Azərbaycan ən qədim çağlardan azər türklərinin Ata yurdudur. Buradan gedən türklərdən bəzi boylar sonradan Azərbaycana qayıtmış və yerli azərlərlə bu qayıdan türk boylarının konsolidasiyası Azər xalqının yaranması ilə nəticələnmişdir.
2-ci konsepsiya: Bugünkü Azərbaycan xalqı XI əsrə qədər Araz çayından yuxarı qafqazdilli, Araz çayından aşağı irandilli (fars) xalq idi. Bir qrup türk (oğuz) tayfası gəlib, X1-XIII əsrlərdə Azərbaycan əhalisinin dilini dəyişdirmişdir. Həmin çağlardan bugünəcən həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda “Azərbaycan” dili işlənir.
3-cü konsepsiya: Türk boyları Azərbaycana Orta Asiya və ya Altaydan gəlib. Lakin 2-ci konsepsiya tərəfdarlarının dediyi kimi, ilk gəlmə XI əsrdə yox, daha əvvəl olmuşdur. Belə “əvvəl gəlmə” tarixini deyərkən müxtəlif tədqiqatçılar m.ö. III-minildən IX əsrə qədər ayrı-ayrı çağları nəzərdə tuturlar. Beləliklə, uç qrupa ayırdığımız bu konsepsiyalardan hansının gerçək duruma daha yaxın olduğunu görə bilmək üçün onların qısa xülasəsini, üstün və qüsurlu cəhətlərini gözdən keçirək.

Necə olubsa, mən indiyədək bu bloga diqqət yetirməmişəm. Çox lazımlı iş görürsünüz. Çalışın tarixi mənbələrə və sənədlərə daha geniş yer verin. Uğur olsun!
Mart 11, 2008 3:39